Azərbaycan, Bakı, 29 aprel /Trend/
Bakı-2015 ilk Avropa Oyunlarında iştirakı planlaşdırılan qadın velosipedçilərdən ibarət yığma komandamızın üzvü Yelena Pavluxina məsul yarışa hazırlıqlarını davam etdirir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu ilin fevralından etibarən Sloveniyanın şosse velosipedi üzrə "Lyublyana" komandasının heyətində çıxış etməyə başlayan idmançımız klubunun heyətində ilk uğurunu qazanıb - o, Sloveniyada təşkil edilən "Šenčurja" Qran-Prisinin qalibi olub.
Kriterium xarakterli yarışda iştirakçılar 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurublar. Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı yarışda Y.Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib və Qran-Prinin qalibi olub.