...

Çövkən üzrə 4-cü Azərbaycan çempionatına yekun vurulub (FOTO)

İdman Materials 25 Oktyabr 2015 11:19 (UTC +04:00)
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində “Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatı başa çatıb.
Çövkən üzrə 4-cü Azərbaycan çempionatına yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatı başa çatıb.

Yarışların əsas məqsədi, ölkədə qədim atüstü oyunların xalq arasında daha geniş yayılması, atçılıq idmanının inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olub. Çempionatın ümumi mükafat fondu 50 min manat idi.

Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edib. Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalında keçirilən Çövkən Çempionatında ilk 8 yeri tutmuş komanda yarışa 1/8 final mərhələsindən qoşulub. Çempionatın gedişində məhz həmin komandalar fərqləniblər.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Polad" komandası Ağdamın "Qarabağ" klubunu 4-1 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər finalçı isə "Sərhədçi" - "Ağstafa" komandaları arasındakı görüşdən sonra məlum olub. Bu oyunda "Sərhədçi" klubunun çövkən ustaları 8-0 hesabı ilə qalib gələrək finala adlayıblar. Yarışların sonuncu günü əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. Meydana "Ağstafa" və "Qarabağ" Ağdam komandaları çıxıblar. "Ağstafa" komandası qalib qalib gələrək Azərbaycan çempionatının bürünc medallarına layiq görülüb.

"Polad" və "Sərhədçi" komandaları arasında keçirilən həlledici görüş isə daha maraqlı mübarizə şəraitində keçib. 4-2 hesabı ilə qələbə qazanan "Sərhədçi" komandası Çövkən üzrə Azərbaycan çempionatında birinci yeri tutub.

"Sərhədçi" komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar.

Qaliblərə habelə yarışda fəqlənən digər komandalara mükafatları federasiyanın prezidenti Elçin Quliyev təqdim edib.

Xəbər lenti

Xəbər lenti