...

Böhran Azərbaycan futbolunun inkişafına yol aça bilər

İdman Materials 9 Yanvar 2016 22:13 (UTC +04:00)

Bəxtiyar Hacıyev - Trend:

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın futbol klublarına qənaətcil olmağı məsləhət görüb. Maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda baş katibin məsləhəti yerinə düşür.

Nəzərə alaq ki, budəfəki qış fasiləsində Premyer Liqa klublarının yarısı xaricdə, əsasən də Antalyada ənənəvi təlim-məşq toplanışını təxirə salıblar, bir çox klublar isə hələ ki yeni oyunçu, xüsusilə də xaricdən transfer etməyiblər. Əksər klublar yalnız yerli klublardan yerli futbolçuların transferinə üstünlük verir.

Sözümüzə qüvvət kimi qeyd edək ki, qış fasiləsi dönəmində "Rəvan", "Xəzər Lənkəran", "Neftçi", "Kəpəz", "Qəbələ" və "Zirə" klubları hələ yeni oyunçu almayıblar. Digər klublar isə əsasən az sayda yerli futbolçu transfer ediblər. Ümumiyyətlə, builki qış transfer pəncərəsində xaricdən oyunçu alışının ötən mövsümlərlə müqayisədə xeyli az olacağı gözlənilir. Hər halda bunu əksər yerli klubların rəsmiləri də bəyan ediblər.

İlk baxışdan vəziyyət ürəkaçan görünmür, lakin cari böhran ölkədə futbolun, yerli idmançıların inkişafının xeyrinə ola bilər. Məlum məsələdir ki, təcrübə və fiziki hazırlıq məsələsində əcnəbi oyunçulara uduzan yerli futbolçuların bir çoxu daha çox ehtiyat skamyasında oturmağa məhkumdurlar. Lakin bir məsələ də var ki, futbolçu ehtiyat skamyasında oturmaqla inkişaf edə bilməz. Belə demək mümkünsə, böhran səbəbindən xaricdən oyunçu transferinin azalması yerli futbolçulara özlərini göstərmək baxımından yeni fürsət olacaq. Bundan sonrası isə futbolçuların özündən asılıdır.

Deməli, Azərbaycan futbolu bu vəziyyətdən yalnız qazana bilər, inkişaf edə bilər. Təbii ki, yerli, xüsusilə də gənc futbolçulara birdən-birə əsas heyətdə 90 dəqiqə oynamaq imkanı verilməsi klubların ilk vaxtlarda zəif çıxış etməsi ilə nəticələnə bilər. Lakin bu zəif çıxış yalnız ilk vaxtlarda özünü göstərə bilər. Əsas heyətdə davamlı çıxış edən edən gənc futbolçular tədricən özlərini daha yaxşı göstərə biləcəklər. Məhz belə olan halda gənc futbolçular arasında daha bacarıqlıları üzə çıxartmaq daha asan olacaq.

Təcrübə və müşahidələr göstərir ki, hər hansı idmanın, o cümlədən futbolun gələcək inkişafı yalnız gənc idmançıların bacarıqlarının artırılması sayəsində mümkündür. Gənc istedadlı futbolçuların daha çox yetişməsi isə bu gün böhran səbəbindən qənaət etmək məcburiyyətində qalan klubların gələcəkdə istisna edilməyən belə oxşar vəziyyətlərdən üzüağ çıxmasına səbəb olacaq. Axı Azərbaycan futbolu hələ də xaricə oyunçu "ixrac" edə bilmir, bu sahədə maliyyə qazana bilmir.

Şübhəsiz ki, xüsusilə son illərdə Azərbaycan futbolunun inkişafını qeyd etmək vacibdir. 2012-ci ildə "Neftçi"nin futbol tariximizdə ilkə imza ataraq Avropa Liqasının final mərhələsinə yüksəlməsi, daha sonra "Qarabağ"ın bu nailiyyəti təkrarlaması, 2015/2016-cı il mövsümündə "Qarabağ"la yanaşı, bu uğura "Qəbələ"nin də imza atması ölkədə klub səviyyəsində futbolun inkişafından xəbər verir. Yeni və daha güclü rəqiblərlə qarşılaşaraq Avrokubok təcrübələrini artıran Azərbaycan klublarının bu templə gedəcəkləri təqdirdə, nailiyyətlərini sıralayacağı qaçılmazdır. Lakin bunu əsasən yerli, gənc futbolçuların sayəsində həyata keçirməyin vaxtı çatıb.

İndiki şərait düzgün təhlil edilməli, müvafiq strategiya hazırlanmalıdır. Unutmayaq ki, futbol fiziki hazırlıqdan əlavə, bacarıq, istedad tələb edən idman növüdür. Və məhz bu bacarıqları inkişaf etdirməklə həm klub, həm də yığma səviyyəsində ölkə futbolunu inkişaf etdirmək, gələcəkdə xaricə oyunçu transferindən gəlir əldə etmək mümkündür. Böhrandan qorxmaq lazım deyil. Necə deyərlər: təsir əks-təsirə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti