...

Rauf Məmmədov: "Hər birimiz Bakıdakı olimpiadada uğurlu çıxış etmək istərdik" (FOTO)

İdman Materials 18 Mart 2016 21:14 (UTC +04:00)
Maqnusu dayandırmaq çətindir. Norveçli bu il də titulunu qoruyacaq.
Rauf Məmmədov: "Hər birimiz Bakıdakı olimpiadada uğurlu çıxış etmək istərdik" (FOTO)

Bakı. Trend:

Azərbaycan qrossmeysteri Rauf Məmmədov müsahibəsində Çində Dünya intellektual oyunlarının blits turnirində qələbə qazanmasından, ölkə çempionatında iştirak edə bilməməsindən, eləcə də Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasından danışıb.

- Söhbətə Çində keçirilən intellektual oyunlardan başlamaq istərdik. Blits turnirdə 1-ci yeri tutmaqla qızıl medal qazandın. Yarış ərəfəsində uğur qazanacağına inam var idi?

- Çində İntellektual Oyunlar artıq 5 ildir təşkil olunur. Buna baxmayaraq karyeramda ilk dəfə bu yarışda iştirak etməyə dəvət aldım. Əvvəlcə rapid yarışlarında qaliblər məlum oldu. Həmin turnirdə Şəhriyar Məmmədyarov qızıl medala layiq görüldü. Blitsdən əvvəl Şəhriyar mənə demişdi ki, bu turnir də bizlikdi. Yəni blitsdə də uğur qazanmalıyıq. Nəticədə blitsdə qızıl medal qazandım. Üç yarışdan ikisində Azərbaycan qrossmeysterləri uğur əldə etdi. Sevindirici haldır ki, Çində iki dəfə Azərbaycan bayrağı yüksəldi, iki dəfə himnimiz səsləndirildi. Bu hissləri sözlə izah etmək çətindir.

- Turnirdə sənin üçün ən çətin görüş hansı oldu?

- Son görüşü qeyd edə bilərəm. Dinq Lirenlə mübarizəmiz maraqlı alındı. 1 xal geridə olduğu üçün qələbə qazansaydı yarışı lider kimi başa vuracaqdı. O zaman qalib olacaqdı. Çinin ən güclü şahmatçısıyla görüş asan olmadı. Qələbə qazanmaq çətin olsa da, vacib idi. Şadam ki, Bakıya qızıl medalla qayıtdım.

- Bu günlərdə Azərbaycan çempionatı keçirilir. Hansı səbəbdən çempionatda iştirak etmirsən?

- Çindəki yarışda çox yorulmuşam. Ona görə ölkə çempionatında iştirak edə bilmədim. Hiss edirdim ki, istirahətə ehtiyac olacaq. Məhz bu səbəbdən bu il Azərbaycan çempionatında iştirakçılar arasında deyiləm. Çempionatda iştirak edən bütün həmkarlarıma uğur arzulayıram. Fikrimcə çempion Qədir Hüseynov, Eltac Səfərli və ya Vasif Durarbəylidən biri olacaq. Yarışın ən təcrübəli şahmatçıları onlardır.

- Hazırda Moskvada dünya çempionluğuna iddiaçıların turniri keçirilir. Qalib şahmat tacı uğrunda hazırkı çempion Maqnus Karlsenlə görüşəcək. Necə düşünürsünüz, iştirakçılardan hansı Karlseni tituldan məhrum edə bilər?

- Moskvada ən güclü şahmatçılar toplaşıb. Hazırda yarışın əvvəlidir, ona görə yekun haqda danışmaq tezdir. Bununla belə Karlsenin titulunu qoruyacağını düşünürəm. Maqnusu dayandırmaq çətindir. Norveçli bu il də titulunu qoruyacaq.

- Bakıda keçiriləcək Şahmat Olimpiadası haqda fikirlərini bilmək istərdik. Şahmatçı kimi sizin olimpiada üçün ikiqat önəmli hadisə olacaq.

- Hər zaman şahmat olimpiadasında iştirak üçün başqa ölkələrə səfər edirdik. İndi isə hamı Bakıya gələcək. Çox önəmli hadisədir. Bakı Şahmat Olimpiadasının Azərbaycan idman tarixində xüsusi yeri olacaq. 2500-ə yaxın şahmatçı, məşqçi və qonaqlar paytaxtımıza səfər edəcək. Bu yarışın yüksək səviyyədə təşkil olunacağına inanıram. Ötən il Dünya Kubokuna ev sahibliyi etdik. Hamı yarışdan razı qaldı. Bu mənada şahmat olimpiadasında da qonaqların Bakının yüksək təşkilatçılığını görəcəyinə əminəm.

- Azərbaycan şahmatçıları bu yarışa necə hazırlaşır?

- Azərbaycan Şahmat Federasiyasında görüşümüz olacaq. Komandalar üçün turnirə hazırlıq planıyla tanış olmalıyıq. Bu yarışda Azərbaycan həm qadınlar, həm də kişilər arasında 3 komandayla təmsil olunacaq. Gənclər üçün böyük şansdır. Əsas komandayla yanaşı gənc şahmatçıların olimpiadada çıxış etməsi yaxşı haldır. Gənclər böyük təcrübə qazanacaqlar. Onların hər biri özünü göstərmək imkanı əldə edəcək.

- Azərbaycan şahmatçılarının Bakıda olimpiadada uğur qazanmaq şansları necədir?

- Bu barədə hazırlıqdan sonra danışmaq olar. Sözsüz ki, məsuliyyəti hər birimiz başa düşürük. Komanda olaraq hər birimiz istərdik ki, Bakıdakı olimpiadada uğurlu çıxış etməyi bacaraq.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti