...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib (FOTO)

İdman Materials 23 Aprel 2016 16:05 (UTC +04:00)
Aprel ayının 23-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib (FOTO)

Bakı. Trend:

Aprel ayının 23-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib. Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran Ə.Həsənov, bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzalandığını da vurğulayıb.

Qeyd olunub ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır.

Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.

Bildirilib ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlayıb. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər.

2016-cı ilin sentyabr ayında Beynəlxalq Şahmat Olimpiadasının ilk dəfə olaraq Bakıda keçirilməsi planlaşdırılır.

Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 7-də başa çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti