...

Azərbaycan brendi "SmartScoring" və Avropa Gimnastika İttifaqı əməkdaşlıq sazişi imzaladılar (FOTO)

İdman Materials 9 Noyabr 2016 16:20 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri əməkdaşlığa dair müzakirələr aparmaq və saziş imzalamaq məqsədilə Bakıda Azərbaycanın "SmartScoring" şirkətinin icraçı direktoru ilə görüş keçiriblər.
Azərbaycan brendi "SmartScoring" və Avropa Gimnastika İttifaqı əməkdaşlıq sazişi imzaladılar (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri əməkdaşlığa dair müzakirələr aparmaq və saziş imzalamaq məqsədilə Bakıda Azərbaycanın "SmartScoring" şirkətinin icraçı direktoru ilə görüş keçiriblər.

Trend-in məlumatına görə, hər iki tərəfin iştirakı ilə təşkil olunan imzalanma mərasimi bu gün Milli Gimnastika Arenasında baş tutub. UEG-ni İttifaqın prezidenti Jorj Gelzek və Baş direktoru Kirsi Erofeyeff-Enqman təmsil edib. "SmartScoring"in icraçı direktoru Emin Muxtarovla səmərəli müzakirələrdən sonra xalların hesablanması üzrə Azərbaycanın innovativ brendi "SmartScoring" Avropa Gimnastika İttifaqının yeni tərəfdaşına çevrilib.

Uzunmüddətli viziona malik, ən yaxşı təcrübəyə əsaslanaraq inkişafa müasir yanaşma nümayiş etdirən "SmartScoring" yüksəkixtisaslı peşəkarlar komandasından ibarətdir. Azərbaycan Gimnastika Federasiyası və bir neçə digər idman federasiyaları ilə əməkdaşlıq əlaqələri quran, bir sıra beynəlxalq yarışlarda, о cümlədən 42-ci Şahmat Olimpiadasında xronometraj üzrə xidmət göstərən gənc şirkət topladığı dəyərli təcrübəni Avropada gimnastika üzrə yarışlarda da genişləndirmək niyyətindədir.

2017-ci ilin 1 yanvar tarixindən etibarən "SmartScoring" keçiriləcək yarışlar təqvimində yer almış 4 Avropa çempionatının təşkilində lazımi qaydada xalların elektron hesablanması, həmçinin hakimlik, xronometraj və akkreditasiya üzrə sistemin işlənib hazırlanması və icrasını təmin edəcək. "SmartScoring"in xidmətlərinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan videonəzarət sistemi də daxildir.

Həftənin əvvəli UEG-in Texniki komitələrinin prezidentləri ilə müzakirələr zamanı hər bir gimnastika növünə lazım olan tələblərə cavab vermək məqsədilə onların tapşırıqlarını diqqətlə dinləyən şirkətin icraçı direktoru E.Muxtarov qeyd edib: "Hər bir idmançı ən nüfuzlu beynəlxalq yarışlarda öz ölkəsinin bayrağını yüksəklərə qaldırmağı arzulayır. Öz növbəsində, bizim komanda da rəqəmlərin dəqiqliyi, sistemin qüsursuz etibarlılığı və nəticələrin səlisliyində öndə olmağa çalışır".

UEG-in prezidenti J.Gelzek də gənc və iddialı Azərbaycan şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib: "SmartScoring" artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində müsbət təcrübəyə malikdir. Belə ki, bu il komanda batut gimnastikası və idman gimnastikası üzrə Dünya Kuboku yarışlarını, həmçinin bədii gimnastika üzrə analoji yarışın final mərhələsini xalların hesablanması və videonəzarət sistemi ilə uğurla təmin edib. Bununla yanaşı, Azərbaycan gimnastı Ayşən Bayramovanın "SmartScoring'in rəsmi səfiri olması bizim əməkdaşlığımıza bir qədər zəriflik və gözəllik bəxş edəcək. Əminəm ki, bu saziş bizi yeni bir səviyyəyə gətirib çıxaracaq və sizin brendinizin tanınması üçün bütün qitədə yeni imkanlar açacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti