Bakı. Trend:
"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.
Trend Ağdam klubunun saytına istinadən məlumat verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçdikdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
R.Sadıqov qeyd edib: "Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən, o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacağam".