Bakı. Trend:
FIFA AFFA-nın müraciətini müsbət cavablandırıb.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirmişdi ki, o bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və R.Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.