Bakı. Trend:
Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Hamburq İdman Sarayında təşkil edilən mundialın son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub.
Həlledici döyüşlərdə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov da rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz növbəti qələbə ilə öz rekordunu da yeniləyib.
Beləliklə, 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub. M.Məcidovdan əvvəl Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. Onlardan Lorenzo Sotomayor (64 kq) hakimlərin ədalətsizliyi səbəbindən mundialla vidalaşmışdı.