...

Türkiyə yığmasının baş məşqçisi: Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir (FOTO)

İdman Materials 21 Sentyabr 2017 19:19 (UTC +04:00)
Azərbaycan idman yarışlarının təşkilinin mükəmməl səviyyəsini göstərir.
Türkiyə yığmasının baş məşqçisi: Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan idman yarışlarının təşkilinin mükəmməl səviyyəsini göstərir.

Bunu Trend-ə Türkiyənin voleybol üzrə qadın yığmasının baş məşqçisi Covanni Quidetti deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən təşkil olunan hər bir yarış çox möhtəşəm keçir:
"Fikrimcə bu dəfə də elə olacaq. Arena sadəcə möhtəşəmdir və ümid edirəm ki, təkcə Azərbaycan yığmasının deyil, eyni zamanda digər komandaların oyunlarında da zal azərkeşlərlə tam dolacaq".

Yarışlarda yüksək rəqabətin olduğunu qeyd edən Quidetti Azərbaycan komandasına öz qrupunda ilk yeri tutmağı arzulayıb:

"Bizim qrupda 3 güclü komanda var (Rusiya,Türkiyə, Bolqarıstan) və hər hansı bir nəticəni qabaqcadan söyləmək çətindir. Bizim qrupun qalibi Azərbaycanın olduğu qrupun qalibi ilə qarşılaşacaq. İnanıram ki, sizin idmançılar ilk yeri qazana biləcəklər. Ancaq unutmaq olmaz ki, həmin qrupda yer alan Almaniya və Polşa yığmaları da çox güclü komandalardır".

Yarışın favoritinə gəlincə baş məşqçi bu il onların az olmadığını deyib:

"Mənim bayaq sadaladığım komandalardan başqa, Hollandiya yığması da fikrimcə, ən yaxşı formadadır. Eləcə də İtaliya və Serbiya komandasını qeyd etmək olar (Baxmayaraq ki, həmin komandaların tərkibinin formalaşmasında qalmaqal olmuşdu, bir neçə idmançıları dopinq problemi ilə üzləşib, eləcə də heyətlərinin tərkibində zədəli voleybolçular var). Hesab edirəm ki, bizi böyük oyunlar gözləyir".

Qeyd edək ki, sentyabrın 22-də Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda, B qrupu – Tbilisidə, D qrupunun oyunları isə Göygöldə keçiriləcək. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da Azərbaycan paytaxtında təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstan, Avro-2015-in mükafatçıları Rusiya, Niderland və Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti