Split, Zaur Mustafayev - Trend
Avropa Gimnastika İttifaqının (UEG) maliyyə cəhətdən daha güclü olmasını, başlanılan işlərin davam etdirilməsini və daha yaxşı yarışların keçirilməsini istərdim.
Bunu Trend-ə İttifaqın keçmiş prezidenti Jorj Gelzek deyib.
24 ildir ki UEG-də fəaliyyət göstərdiyini deyən Gelzek bu illər ərzində bir çox yadda qalan yeniliklər edildiyini vurğulayıb.
"Bunların arasından ən yadımda qalan Avropa Oyunlarında keçirilən yarışların formatı idi. Çünki bu formatda biz yenilik eləmişik və eyni zamanda müxtəlif gimnastika növlərinin bir yerdə yarışının keçirilməsini təşkil etmişik. Bu çox vacib və yadda qalan idi".
Qeyd edək ki, 2009-cu ildən UEG-ə rəhbərlik edən Gelzek bu gün postunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbova təhvil verib.
Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.