...

Fərid Qayıbov: UEG Avropa ölkələrində gimnastikanın inkişafı üçün ciddi iş aparacaq

İdman Materials 14 Aprel 2018 20:59 (UTC +04:00)
Avropa Gimnastika İttifaqı (UEG) bütün üzv ölkələrdə gimnastikanın inkişafı və populyarlaşması ilə bağlı ciddi iş aparacaq.
Fərid Qayıbov: UEG Avropa ölkələrində gimnastikanın inkişafı üçün ciddi iş aparacaq

Bakı. Maksim Tsurkov - Trend:

Avropa Gimnastika İttifaqı (UEG) bütün üzv ölkələrdə gimnastikanın inkişafı və populyarlaşması ilə bağlı ciddi iş aparacaq. Bunu Trend-ə UEG-nin prezidenti Fərid Qayıbov deyib.

F.Qayıbov Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının təşkilinə və yeniliklərə də toxunub:

"Bu yarış mənim UEG prezidenti kimi ilk qitə çempionatımdır. Belə təsadüf etdi ki, bu çempionat Bakıda keçirildi. Buna görə də mənim üzərimə ikiqat məsuliyyət düşür. Çox istərdim ki, bu turnir yaxşı keçsin. Çempionatı Azərbaycan Gimnastika Federasiyası təşkil edir və bildiyiniz kimi, AGF-nin təşkil etdiyi turnirlər yenilikləri ilə fərqlənir".

Onun sözlərinə görə, UEG-nin məqsədlərindən biri batut gimnastikasını daha da inkişaf etdirməkdir. Belə ki, Avropa çempionatında İttifaqın 50 üzvündən yalnız 25-i iştirak edir:

"Azarkeş baxımından problem yoxdur. İnsanlar gəlir və gimnastların çıxışlarına tamaşa edirlər. Hərçənd bu, tamamilə yeni idman növüdür. Qeyd edim ki, 200-dən çox bilet əcnəbilərə satılıb. Bu, bir növ idman turizmidir. Bu turizm növü, əsasən, futbolda inkişaf edir, amma yaxşı ki, gimnastika da var. Çempionata Avropa Gimnastika İttifaqının fəxri prezidenti Jorj Gelzek, eləcə də Fransa, Portuqaliya və Latviya federasiyalarının prezidentləri gəliblər. Rusiyadan çox sayda azarkeş gəlib, Qərbi Avropadan da tamaşaçılar var, xarici KİV-lərin də marağı böyükdür. Çempionatın belə populyar olması xoşdur".

F.Qayıbov qeyd edib ki, mühüm tapşırıq gimnastikanın televiziyada daha çox göstərilməsinə nail olmaqdır:

"UEG öz tərəfdaşları ilə, "SmartScoring" şirkəti ilə "GymTV" məhsulu hazırlayır. Striminqdən başqa, internetdə canlı yayım sayəsində insanlar sayta pulsuz daxil ola, evdə oturaraq yarışlara yaxşı keyfiyyətdə baxa, nəticələr, start siyahısı haqqında məlumat əldə edə bilər. Çempionatın iki günü ərzində bu veb-resursda 250 min nəfər olub. Bu, çox yaxşı göstəricidir. Tərəfdaşlar da idmançıların təqdim edilməsi baxımından yaxşı qrafik hazırlayıblar. Qeyd edim ki, biz Rusiyanın "Matç TV" kanalı ilə razılığa gəlmişik və sabah bu telekanalda final mərhələləri canlı yayımlanacaq".

UEG prezidenti gəncləri cəlb etməyin zəruriliyindən də danışıb: "Bir çox gənclər canlı yayımda gimnastların çıxışlarına baxır, tribunalarda da əksəriyyət gənclərdir. Yarışlar zamanı fasilədən yararlanaraq azarkeşlər üçün xüsusi əyləncəli proqramlar düşünürük. Bu dəfə ABŞ-dan peşəkar maskotları dəvət etdik. Onlar tamaşaçıları əyləndirir, mükafatlandırma mərasimində iştirak edirlər. Bundan əvvəl Azərbaycanda belə bir şey olmayıb. Həmçinin fleşmoblar, viktorinalar keçirilir".

Gimnastikanın gələcək inkişafından da danışan F.Qayıbov bildirib ki, İcraiyyə Komitəsi müntəzəm olaraq hansı dəyişikliklərin lazım olduğunu müzakirə edir:

"Tərəfdaşlarımızdan "SmartScoring" və avadanlıqların tədarükçüsünün köməyi ilə federasiyaların maliyyəyə və digər yardımlara ehtiyacı olduğu Avropa ölkələrində gimnastikanın inkişafına yardım proqramını işə salmışıq. Beləliklə, bütün Avropa ölkələrində gimnastikanı inkişaf etdirməyi planlaşdırırıq. Həmçinin yarışların keçirilməsi formatının dəyişdirilməsi barədə düşünmək lazımdır. Qısası, görməli olduğumuz çox iş var. Biz ciddi şəkildə bu işləri yerinə yetirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti