Bakı. Cani Babayeva - Trend:
Dördüncü gündür ki, biz batut, ikili mini-batut və tamblinq üzrə Avropa çemionatını izləməyə gəlirik.
Bunu Trend-ə tamaşaçı Günay Əliyeva deyib.
O bildirib ki, hər şey çox gözəl təşkil olunub:
"Əlbəttə ki, Azərbaycan komandasına azarkeşlik edirik və onların nəticələrinə sevinirik. Yarışları izləməyə mən öz qızımı da gətirmişəm. O da gimnastika ilə məşğul olur və Olimpiya çempionu olmaq arzusundadır".
Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.
Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.
Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.