Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başa çatıb.
Trend-in məlumatına görə, 10 komandadan 20 pilotun iştirak etdiyi sərbəst yürüşdə "Ferrari"nin alman pilotu Sebastian Fettel daha yüksək nəticə göstərib - 1:43.091.
"Mercedes"in pilotu Lyuis Hemilton dövrəni daha tez başa vuran ikinci pilot olub - 1:43.452.
İlk üçlüyü 1:43.493 nəticə ilə "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykkonen tamamlayıb.
X X X
14:00
Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.
Trend-in məlumatına görə, yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb. Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.
"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.
Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.
Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.