...

"Mançester Siti" "Haddersfild" klubunu darmadağın edib

İdman Materials 19 Avqust 2018 19:15 (UTC +04:00)
Avqustun 19-da İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.
"Mançester Siti" "Haddersfild" klubunu darmadağın edib

Bakı. Tural Turan - Trend:

Avqustun 19-da İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, sonuncu çempion "Mançester Siti" doğma meydanda "Haddersfild" klubunu qəbul edib.

Qarşılaşmada ilk qol 25-ci dəqiqədə vurulub. "Mançester Siti"nın qapıçısı Edersonun ötürməsindən sonra Kun Aquero dəqiq zərbə ilə hesabı açıb - 1:0. Qoldan yeddi dəqiqə sonra hesab arasındakı fərq iki topa çatıb. Qabriel Jezus yaxın küncü dəqiq nişan alıb - 2:0. Birinci hissənin əsas vaxtına 10 dəqiqə qalmış Pep Qvardiolanın yetirmələri qonaqları üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. "Haddersfild" klubunun qapıçısı Ben Hamerin səhvini Aquero bağışlamayıb - 3:0. Oyunun 43-cü dəqiqəsində qonaqlar Con Stankoviçin zərbəsi ilə qollardan birinin əvəzini çıxıb - 3:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra da daha üstün oyun nümayiş etdirən meydan sahibləri matçın 48-ci dəqiqəsində hesab arasındakı fərqi yenidən üç topa çatdırıb. Oyunun baş hakimi Andrea Marinerin təyin etdiyi cərimə zərbəsini David Silva dəqiq yerinə yetirib - 4:1. Daha sonra qarşılaşmanın 75-ci dəqiqəsində Benjamen Mendinin künc ötürməsini Aquero qola çevirib - 5:1.

Oyunda son nöqtəni də "Mançester Siti" klubu qoyub. Komandanın gənc oyunçusu Leroy Sane sol cinahdan iki müdafiəçini keçərək qapıya zərbə endirib, top qonaqların oyunçusu Terens Kongoloya dəyərək qapıdan keçib - 6:1.

İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" səfərdə "Vulverhempton", "Haddersfild" isə "Kardiff Siti" ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti