Bakı. Cani Babayeva - Trend:
Azərbaycan Gimnastika Federasiyası yarışları hər zaman gözəl təşkil edir.
Bunu Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova deyib.
M.Petrova bildirib ki, mayın 16-19-da Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqla əlaqədar Milli Gimnastika Arenasında UEG bədii gimnastika üzrə Texniki Komitəsinin iclası keçirilir:
“Avropa çempionatında 33 ölkədən gimnastlar iştirak edəcək. Aprelin 16-da iştirakçıların adları bilinəcək. Biz yarışların çox yaxşı keçəcəyini gözləyirik, çünki Azərbaycan Gimnastika Federasiyası idman tədbirlərini peşəkar şəkildə, ən yüksək səviyyədə təşkil edir. Ən vacibi odur ki, Azərbaycanda yarışların necə keçirilməli olduğunu, idmançıları necə qarşılamaq lazım olduğunu bilirlər”.
Azərbaycan gimnastlarının səviyyəsi barədə danışarkən M.Petrova onların hazırlığını yüksək qiymətləndirib:
“Azərbaycan gimnastları hər zaman yüksək səviyyəni saxlayır, beynəlxalq yarışlarda medallar qazanır. Dünən mən qrup komandasının məşqini gördüm, onlar yarışda beş halqa ilə, eləcə də beş lentlə hərəkətlərdə çıxış edəcəklər. Avropa çempionatında Azərbaycan gimnastlarına uğurlar arzu edirəm, fikrimcə, onlar yaxşı çıxış edəcəklər”.