Bakı. Trend:
Fevral ayının son iki günü ərzində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri Bakıda səfərdə olublar.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, may ayında paytaxtımızda baş tutacaq iki Avropa çempionatının təşkilati məsələrinin müzakirəsi üçün toplaşan nümayəndələr səfər çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının yerli təşkilat komitəsi ilə iki görüş keçiriblər. Aerobika gimnastikası və bədii gimnastikaya həsr olunan iclaslarda əsasən zalın hazırlığı, media, akkreditasiya məsələləri, könüllülərlə iş və digər sahələr üzrə müzakirələr aparılıb.
Bu gün isə UEG-in Bədii gimnastika üzrə Texniki komitəsinin prezidentinin başçılığı ilə məhz bədii gimnastika üzrə Avropa çempionatına dair iclas start götürüb. İclasda Texniki Komitənin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri iştirak edir.
Qeyd edək ki, martın 2-də Bakıda bədii gimnastika üzrə qitə birinciliyinin püşkatma mərasimi baş tutacaq.