Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:
Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Dominik Müller-Lot Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq yarışlara hazırlıq üzrə fəaliyyətini yüksək qiymətləndirib.
O Trend-ə müsahibəsində bildirib ki, AGF qüsursuz işləyir:
“Biz hər bir müraciətimizə ləngimədən cavab alırıq. AGF beynəlxalq yarışları çox gözəl təşkil edir, bütün detalları nəzərə alır, idmançılara və nümayəndə heyətlərinə nə lazım olduğunu dəqiq bilir”.
D.Müller-Lot bildirib ki, Bakıda dəfələrlə yarışlarda olub və bu yarışlar hər zaman yüksək səviyyədə təşkil olunub:
“Mən Bakıda Avropa Oyunlarında, Avropa və dünya çempionatlarında, Dünya Kuboklarında iştirak etmişəm. Hər zaman bu yarışların təşkilat səviyyəsi gözləntilərimi üstələyib”.
Mayın 16-19-da Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq barədə danışan D.Müller-Lot qeyd edib ki, hələ bir çox detallar qalır, amma ümumilikdə tədbirin təşkili yüksək səviyyədə davam edir.