...

Ümid edirik ki, növbəti dünya çempionatında qalib gələcəyik - Azərbaycan gimnastları ilk üçlüyə daxil olub

İdman Materials 11 Mart 2022 19:07 (UTC +04:00)
Ümid edirik ki, növbəti dünya çempionatında qalib gələcəyik - Azərbaycan gimnastları ilk üçlüyə daxil olub

Bakı. Trend:

Ümid edirik ki, növbəti dünya çempionatının finalında qalib gələcəyik. Biz Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının daha iki finalında (tarazlıq və temp hərəkətləri) çıxış etməliyik və ümid edirik ki, bu proqramlarda qızıl və ya gümüş medal qazana biləcəyik.

Bu barədə cümə günü Trend-ə yarışların iştirakçıları, kişi cütlüyünün tərkibində yer alan Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev bildiriblər.

Xatırladaq ki, kişi cütlüyünün tərkibində çıxış edən Daniel Abbasov və Murad Rəfiyev kombinə edilmiş hərəkət proqramında dünya çempionatının bürünc medalını qazanıblar.

"Nəticədən razı qaldıq. Çempionata ciddi hazırlaşdıq, çox məşq etdik, bacarıqlarımızı artırdıq. İnanırıq ki, kombinə edilmiş məşqlərin finalında proqramı yaxşı təqdim edə bildik və bu, verilən qiymətlərdə də özünü göstərdi. Təbii ki, bu gün biz daha yaxşı çıxış edə bilərdik, amma idman idmandır və burada nəyisə planlaşdırmaq və ya proqnozlaşdırmaq mümkün deyil”, - deyə bildiriblər.

İdmançılar əlavə edib ki, çempionat yarışları davam edir və onlar martın 12 və 13-də keçiriləcək daha iki finalda çıxış etməlidirlər.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti