...

Çempionatda qazandığım medalı məşqçimə həsr edirəm - Gimnast

İdman Materials 26 Mart 2022 16:34 (UTC +04:00)
Çempionatda qazandığım medalı məşqçimə  həsr edirəm - Gimnast

Bakı. Cani Babayeva - Trend:

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatında qazandığım medalı məşqçimə həsr edirəm.

Bunu Trend-ə yarışın qızıl medalçısı, "Ocaq Sport" klubunun yetirməsi Leyla Məmmədzadə deyib.

Xatırladaq ki, L.Məmmədzadə yarışda “yeniyetmələr” yaş kateqoriyası üzrə birinci yerə layiq görülüb.

"Medalı məşqçim Anjela Abdullayevaya həsr edirəm. Ona minnətdaram, o, bizim məşqlərimizə çoxlu zəhmət sərf edir. Onun dəstəyi sayəsində idmanda uğur qazandım", - 10 yaşlı gimnast bidirib.

İdmançının sözlərinə görə, bu, onun Milli Gimnastika Arenasında ikinci yarışıdır:

"Şadam ki, tamaşaçılar müsabiqənin gedişatını izləyirlər, onlar bizə dəstək olurlar, alqışlayırlar. Bu gün anam məni izləməyə gəlib. Çıxışım çətin olmadı, sadəcə olaraq diqqəti proqrama cəmləmək lazımdır. Düşünürəm ki, bu gün yarışda mənə təkcə fiziki hazırlıq yox, həm də ruh yüksəkliyim kömək oldu. Yeri gəlmişkən, Çempionatdakı bütün rəqiblər yaxşı hazırlaşmışdılar".

O, həmçinin əlavə edib ki, gələcəkdə Olimpiya Oyunlarında iştirak etmək arzusundadır.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti