...

Avropa Çempionatında medallar qazanmış gimnastlar Azərbaycana qayıdıb (FOTO)

İdman Materials 7 İyun 2022 11:19 (UTC +04:00)
Avropa Çempionatında medallar qazanmış gimnastlar Azərbaycana qayıdıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan gimnastları Maqsud Maxsudov və Mixail Malkin bir qızıl və bir gümüş medal qazanıblar.

Trend-in məlumatına görə, fərdi növdə çıxış edən tamblinqçimiz Mixail Malkin böyüklər arasında gümüş medal qazanıb.

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Maxsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Qeyd edək ki, ondan əvvəl isə batut üzrə yığma komandamızın üzvləri Maqsud Maxsudov və Hüseyn Abbasov sinxron proqramda qızıl medal, tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə, Mixail Malkin və Tofiq Əliyev komanda yarışında bürünc medal qazanmışdılar.

Mötəbər turnirdə medallar qazanmış gimnastlar Vətənə qayıdıb. Heydər Əliyev beynəlxalq hava limanında idmançıları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, idmançı həmkarları, idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Maqsud Maxsudov bildirib ki, yarışlar çox gözəl keçib və müsbət emosiyalar bəxş edib.

"Yarışlar çox yaxşı keçdi, mən dörd medal qazandım. Avropa çempionu olmaq çox gözəl hissdir. Biz daha çox sinxron proqramda qazanılan medala sevindik. Düzdür, fərdi proqramda qazandığım medal da məni sevindirdi", - deyə o bildirib.

Hüseyn Abbasov əlavə edib ki, yarışlar çox gözəl keçdi, qazanılan medallar isə məhsuldar məşqlərin nəticəsi oldu.

"Bizi dəstəkləyən hər kəsə minnətdarıq. Həmçinin Azərbaycan Gimnastika Federasiyasına və məşqçilərimizə təşəkkür edirik", - gimnast deyib.

Çempionatın gümüş mükafatçısı Mixail Malkin əldə olunan nəticələrdən razı qaldığını və rəqiblərin çox güclü olduğunu vurğulayıb.

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin vurğulayıb ki, gimnastlar yüksək səviyyədə çıxış edib.

"Hesab edirəm ki, milli komandamız üçün Avropa çempionatı həm tamblinqdə, həm də batut gimnastikasında çox uğurla başa çatdı. Mixail Malkin gümüş medal qazandı, komanda yarışlarında isə idmançılarımız ilk dəfə üçüncü yeri tutdu. Batut gimnastikasında isə iki qızıl medalımız var, bu, çox böyük uğurdur. Həmçinin, Selcan Maxsudovanın çıxışını qeyd etmək lazımdır. O, batut gimnastikasında fərdi proqramda beşinci oldu. Selcan Paris-2024 Olimpiya oyunlarına vəsiqə qazanmağa real namizəddir", - deyə o bildirib.

Baş məşqçi əlavə edib ki, komandanı qarşıda Portuqaliya və İsveçrədə iki Dünya Kuboku gözləyir, ondan sonra isə Bolqarıstanda keçiriləcək dünya çempionatına hazırlıq başlayacaq.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti