Bakı. Trend:
Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Uruqvay, Paraqvay, Argentina və Çilinin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətini dəstəkləyib.
Trend xəbər verir ki, bu barədə KONMEBOL-un mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, dörd ölkənin birgə müraciəti 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionarı ilə əlaqədardır.
"Bu, hökumət layihəsi deyil, qitənin arzusudur. Biz tarixin başladığı simvolik bir yerdəyik. Başqa dünya çempionatları da olacaq, lakin yüzillik yalnız bir dəfə qeyd olunacaq", - deyə KONMEBOL-un prezidenti Alexandro Dominqes bildirib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyi daha əvvəl birgə müraciət edən İspaniya və Portuqaliya, eləcə də Mərakeş tərəfindən bildirilib. Rumıniya, Yunanıstan, Bolqarıstan və Serbiya da birgə müraciət ediblər. 2030-cu il dünya çempionatı dörd ölkədə keçiriləcək ilk yarış ola bilər. 2026-cı ildə turnir ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.