Konya.Trend:
Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışların qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, V İslam Həmrəyliyi Oyunlarında bədii
gimnastika üzrə Azərbaycan yığmasının fərdi proqramda - Zöhrə
Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətləri üzrə
komandada - Daria Sorokina, Kamilla Əliyeva, Lyaman Əlimuradova,
Güllü Ağalarzadəni, Elizaveta Luzan, Zeynəb Hümmətova iştirak
edib.
Bugünkü yarışların nəticələrinə görə, Zöhrə Ağamirova halqa ilə
proqramda “gümüş”, topla hərəkətdə “bürünc”, gürzlərlə proqramda
“qızıl”, lentlə kompozisiya üzrə “qızıl” medala layiq görülüb.
Komanda beş halqa ilə qrup hərəkətində gümüş, üç lent və iki topla hərəkətdə isə qızıl medal qazanıb.
Həmçinin dünənki yarışlarda Azərbaycan komanda hesabında qızıl medal qazanıb. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar. Bununla yanaşı, bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə (iki hərəkətin cəmi) “qızıl” qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya
şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan
56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14
yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355
medalla təltif olunacaqlar.