...

Sərbəst güləşçilərimiz Bolqarıstanda xatirə turnirində iki medal qazanıblar

İdman Materials 3 Mart 2023 23:32 (UTC +04:00)
Sərbəst güləşçilərimiz Bolqarıstanda xatirə turnirində iki medal qazanıblar

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri davam edir.

Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, bu gün ənənəvi yarışda ilk medalçılar müəyyənləşib. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabı ilə üstələsə də, dörddəbir finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. Güləşçimiz bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq ölkəmizin hesabına ikinci medalı yazdırıb.

Elis Manolova (62 kq) A qrupunda iki ABŞ-lı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçimiz əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn E.Manolova yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. Güləşçimiz martın 4-də bürünc medal uğrunda görüşdə yenidən C.Rocerslə qarşılaşacaq.

Qeyd edək ki, martın 4-də Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli, Georgi Meşvildişvili (hər ikisi 125 kq), Mariya Stadnik və Türkan Nəsirova (hər ikisi 50 kq) da mübarizəyə qoşulacaqlar. Turnirə martın 5-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti