Bakı. Trend:
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (ISHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurum hər il su idmanının inkişafına böyük töhfələr verən şəxsləri və ya təşkilatları mükafatlandırır.
2023-cü ilin elan olunan qaliblər sırasında rəqabətli üzgüçülük üzrə Mike Unger, Dalğıc idman növü üzrə Ellie Smart, bədii-sinxron üzgüçülük üzrə Maria José Bilbao Brunel, Su təhlükəsizliyi üzrə Cullen Jones və istirahət üçün üzgüçülük üzrə Sophia Forte ilə yanaşı Su Polosu üzrə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov da var. Mükafatların təqdim etmə mərasimi ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində ISHOF Honoree Induction qərərgahında baş tutub.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov su polosu karyerasına 1982-1990-cı illərdə idmançı kimi və Azərbaycan milli komandasının tərkibində başlayıb. Daha sonra o, su polosu hakimi olub və 1998-ci ildən bu günə qədər o, altı NCAA kişi və qadın finalı da daxil olmaqla, 300-ə yaxın beynəlxalq oyun, ABŞ-ın müxtəlif konfranslarında 1500-dən çox kollegial oyuna hakimlik edib. Koqanov su idman növləri üzrə çoxsaylı vəzifələrdə, o cümlədən, su polosu yarışlarının direktoru, su yarışlarının meneceri, həmçinin bu idman növündə inzibati vəzifələrdə çalışıb.
O, hazırda Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir və bu vəzifəni 2012-ci ildən icra edir, həmçinin 2016-cı ildə başladığı vəzifədə LEN TWPC-nin (Avropa Su İdmanı Federasiyası) üzvüdür və həmçinin 2017 - 2022-ci illərdə FINA Su Polosu Texniki Komitəsinin sədr müavini olub.