Bakı. Trend:
Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının ayrı-ayrı alətlərdə “gənclər” yaş kateqoriyası üzrə qalib və mükafatçıları (2008-2010-cu il təvəllüdlü) müəyyənləşib.
Trend xəbər verir ki, halqa ilə hərəkətdə Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) birinci, Sofiya Məmmədova (“Ocaq” İdman Klubu) ikinci, Nuray Əhmədzadə (“Gimnastika üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi”) üçüncü yeri tutub.
Topla hərəkətlər proqramında Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) qızıl, Dəniz Abdullazadə (Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbi) gümüş, Nəzrin Abdullayeva (“Qrasiya” idman klubu) bürünc medal qazanıb.
Lentlə hərəkətdə Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) birinci, Şəms Ağaquseinova (“Ocaq” İdman Klubu) ikinci, Sofiya Məmmədova (“Ocaq” İdman Klubu) üçüncü yerə layiq görülüb.
Gürzlərlə hərəkətlər proqramında qızıl medalı Nəzrin Abdullayeva (“Qrasiya” idman klubu), gümüş medalı Dəniz Abdullazadə (“Gimnastika üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi”), bürünc medalı isə Şəms Ağaquseinova (“Ocaq Sport” klubu) qazanıb.
Qeyd edək ki, oktyabrın 5-7-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatı keçirilib.
Yarışda “Ocaq Sport” klubunun (Bakı və Hövsan filialları), Gimnastika üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, “Qrasiya” idman klubunun, Su İdmanı Sarayının, Zirə Mədəniyyət Mərkəzinin və “Zabrat” idman klubu, Şağan Olimpiya İdman Kompleksinin qadın gimnastları iştirak edib.
Bədii Gimnastika üzrə 28-ci Bakı Çempionatı “körpələr” (2013-2015-ci il təvəllüdlü), “yeniyetmələr” (2011-2012-ci il təvəllüdlü) və “gənclər” (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyaları üzrə idmançılar arasında keçirilib.