...

Dünya çempionatında qızıl medal qazanan gimnastımız: Bu mənim ən böyük arzum idi

İdman Materials 14 Noyabr 2023 08:20 (UTC +04:00)
Dünya çempionatında qızıl medal qazanan gimnastımız: Bu mənim ən böyük arzum idi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Birminqem şəhərində (Böyük Britaniya) keçirilən dünya çempionatında qızıl medal qazanan tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin Vətənə qayıdıb.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Mixail Malkini Azərbaycan Gimnastika Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, həmkarları, həmçinin ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıblar.

Vətənə qayıdan gimnast dünya çempionatında iştirakla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

"Dünya çempionatına ciddi hazırlaşırdım. Çempion titulunu qazanmaq ən böyük arzum idi və mən məqsədimə çatdım! Əlamətdar odur ki, komanda yoldaşlarımla birgə təkcə şəxsi hesabında deyil, komanda hesabında qızıl medal qazandım. Onlar indi "TeamGym" yarışması üçün İtaliyaya gediblər, uşaqlara böyük uğurlar arzulayıram".

Gimnastın sözlərinə görə, dünya çempionatında o, fiziki formasının zirvəsində olub:

"Öz üzərimdə çox çalışdım və bütün bacarığımı göstərə bildim. Rəqiblər arasında təcrübəli gimnastlar, o cümlədən son çempionatın qalibi var idi və mən onu məğlub edə bildim. Qələbəmi ailəmə həsr edirəm. Dəstəyinə və zəhmətinə görə məşqçim Adil Hüseynzadəyə, o cümlədən ailəmə, dostlarıma və ətrafımda olan hər kəsə dərin təşəkkürümü bildirirəm".

Mixail Malkin qeyd edib ki, onun idmandakı nailiyyətləri gimnastika aləmində yaxşı tanınır, lakin hər yarışda stressin öhdəsindən gəlmək və liderliyi qorumaq lazımdır.

"Gələn il Bakıda dünya çempionatı keçiriləcək, mən ona, sonra Avropa çempionatına hazırlaşacam", - deyə o əlavə edib.

Xatırladaq ki, Mixail Malkin Azərbaycan gimnastikası tarixində ilk dəfə dünya çempionatında tamblinq üzr proqramda qızıl medal qazanıb. Həmçinin, M.Malkin və tamblinq üzrə Azərbaycan yığmasının üzvləri - Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov milli gimnastika tarixində ilk dəfə komanda hesabında qızıl medal qazanıblar.

Qeyd edək ki, 9-12 noyabr tarixlərində Birmingemdə batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatı baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti