...

Əvvəlki matça nisbətən futbolçuları istədiyim kimi hazırlaya bilmədim - Qurban Qurbanov

İdman Materials 5 Avqust 2024 19:52 (UTC +04:00)
Əvvəlki matça nisbətən futbolçuları istədiyim kimi hazırlaya bilmədim - Qurban Qurbanov

Bakı. Trend:

Çox vacib oyuna çıxırıq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək “Qarabağ” – “Lüdoqorets” (Bolqarıstan) oyunundan əvvəl təşkil olunan mətbuat konfransı keçirib.

O bildirib ki, yetirmələrini vacib oyun gözləyir:

"Yaxşı təcrübəsi olan bir komandaya qarşı oynayacağıq. Əvvəlki matça nisbətən futbolçuları istədiyim kimi hazırlaya bilmədim. Buna çempionat görüşü səbəb oldu. Ümumilikdə, hazırlıqlar yaxşıdır. İnanıram ki, daha yaxşı oyun göstərə biləcəyikk. Çalışacağıq ki, azarkeşlərimiz baxımlı oyun izləsinlər".

- "Lüdoqorets" səfər matçlarında uduzub. Bu sizin üçün nəsə deyir?

- "Lüdoqorets"in görüşlərinə baxanda, futbolçuların təcrübəsi məni cəlb etdi. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda lazım olanı edə bilir.

- Sizcə, sonuncu qırmızı vərəqədən sonra Elvin Cəfərquliyevin sabahkı oyunu necə olacaq. Bu dəfə şans versəniz, hazırdırmı?

- Bunu çox da müzakirə etməyə ehtiyac yoxdur. Hər bir futbolçu çalışmalıdır ki, oyunda özünü yaxşı idarə etsin. Çünki kollektiv oyundur. İstəməzdim ki, Elvin haqqında çox sual verilsin. Bəzən belə epizodların bizə faydası olur, digər futbolçuların da belə məqamlara diqqət etməsinə təsir göstərir. Elvinin yaşına baxmayaraq, təcrübəsi az deyil. İnanmıram ki, onu əvvəldən, ya sonradan meydana buraxsaq, nəsə problem olsun. Bəzən hakimlər qırmızı vərəqə verməyə tələsirlər. Hakimlər hər oyunda eyni epizoda müxtəlif cür reaksiya verirlər. Biz onlardan bunu soruşanda deyirlər ki, biz digər oyunçuları qoruyuruq.

- Sizcə, Çempionlar Liqasının püşkatması “Qarabağ” üçün uğurlu olub?

- Çempionlar Liqasında hər komanda öz ölkəsinin çempionudur. Biz onlara qeyri-ciddi yanaşa bilmərik. Onlar da həmçinin bizə qeyri-ciddi yanaşmırlar. Biz indiyə kimi belə təcrübəli komandaya qarşı oynamamışıq. Ardıcıl doqquz il qrupda oynamaq asan məsələ deyil. Biz çox ciddi olmalıyıq.

- Bukmekerlər "Qarabağ"ı sabahkı oyununun favoriti hesab edir. Siz bu haqda nə düşünürsünüz?

- İki komandadan birini favorit göstərməlidirlər. Biz buna başqa cür reaksiya verməməliyik, normal baxmalıyıq. Elə olub ki, bizim rəqibimizi favorit görüblər. Bunu əsas götürüb oyuna hazırlaşmırıq.

- Musa Qurbanlının vəziyyəti necədir?

- Menisk əməliyyatı bir ay götürülür. Bir aydan sonra oyunlara çıxa bilər. Bu, çox ciddi bir əməliyyat deyil. Təxminən, bir aydan sonra Musa oyunlara çıxa bilər.

- Juninyonun digər komandaların diqqətini çəkməsi sizi narahat etmir?

- Hazırda bu haqda düşünmürük. Bizim indi hazırda əsas məqsədimiz Juninyonun komandaya faydalı olmasıdır. Hazırda məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O özü peşəkar olaraq, bunu yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, zaman göstərəcək.

- Yeni transfer olacaqmı?

- Bir yeni futbolçu gəlməli idi, amma gələsi olmadı. O qədər dedim ki, sonda “yox” deyirlər. Bu dəfə də elə oldu. Bir neçə gün öncə Bakıda olmalı idi. Alınmadı.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lüdoqorets” matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti