Quba. Trend:
"Grace of Nature" turniri kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına böyük təkan verir.
Bunu Trend-ə yarışların hakimi Elnarə Hüseynova deyib.
O bildirib ki, turnir çox yüksək səviyyədə keçir.
“Bu turnirdə həm Bakıdan, həm də bölgələrimizdən gimnastlar qatılıb. Bu cür yarışlar eyni zamanda gimnastlarımızın peşəkarlığını artırır. Bu cür yarışlar bölgələrimizdə də tez-tez keçirilir və gimnastlar yarışdan-yarışa daha da inkişaf edir. Biz bu yarışların müsbət nəticələrini görürük. Bu yarışlar eyni zamada insanlarımızda bu idman növünə marağı artırır və biz gimnastikaya gələn uşaqların sayında artım görürük”, - deyə o əlavə edib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika
üzrə "Grace of Nature" turniri keçirilir. Üç gün davam edəcək
yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər
müəyyən olunur.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir.
Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar
(2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il
təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş
kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi
alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər
üzrə proqramla çıxış edirlər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak
edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"
turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və
təcrübə qazanmaq üçün əla fürsət yaradır!
"Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.