...

Quba və Ağcabədinin 3 kəndinə ilk dəfə təbii qaz verildi

İqtisadiyyat Materials 18 Avqust 2016 15:43 (UTC +04:00)
Quba və Ağcabədi rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verilib.
Quba və Ağcabədinin 3 kəndinə ilk dəfə təbii qaz verildi

Bakı. Trend:

Quba və Ağcabədi rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verilib.

Trend bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.                      
                             

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, avqustun 18-də Quba və Ağcabədi rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 269 abonenti olan Püstəqasım kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 36279 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağcabədi rayonunun Qaradolaq və Mehrablı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, ümumilikdə 869 abonenti olan həmin kəndlərin qazlaşdırılması zamanı 56673 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə   Prezident  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti