...

Venesuela Prezidenti iki ölkə iqtisadiyyatının şaxələndirilməsində birgə səy göstərilməsini təklif edib

İqtisadiyyat Materials 22 Oktyabr 2016 18:53 (UTC +04:00)
Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq.
Venesuela Prezidenti iki ölkə iqtisadiyyatının şaxələndirilməsində birgə səy göstərilməsini təklif edib

Bakı. Trend:

“Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”.

Trend-in məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Venesuela Prezidenti bildirib: “Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda – XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman “neft gəlirlərinə” əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim.

Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20–30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti