Bakı. Trend:
Standartlaşdırma, Metrologiya va Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizasi Mərkəzi (AzPatent) təlim kursları təşkil edir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, təlim kursları Prezidentinin qeyri-neft sektorunun inkişafına dair verdiyi fərman və sərəncamları rəhbər tutaraq, ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsi, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlərə inteqrasiya” mövzusunda təşkil edilir.
Təlim kurslarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycanın normativ hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək. Kurslar mütəmadi təşkil olunur və ödənişli əsaslarla həyata keçirilir.
Təlim kurslarının yekununda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.
Kurslarda iştirak etmək istəyən şəxslər “AzPatent”in Təlim Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53. Xarici İşlər Nazirliyinin arxası) həftənin I-V günləri saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.
Ətraflı məlumat almaq üçün Təlim Mərkəzinə müraciət etmək olar. (e-mail: [email protected]; ofis: (012) 594 37 70/71, dax: 104; mob: 050/055 319 07 21)