Bakı. Trend:
Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün “böyük üstünlük” sayır.
J.F.Mansel Bakını “qədim ənənələrlə gələcək imkanlar arasında özünəməxsus ittifaq yaradan cazibədar bir şəhər” adlandırıb.
Onun fikrincə, bu festival Bakının həm də şopinq mərkəzinə çevrildiyini göstərir: “Bakı Festivalla bağlı ilk sınaqdan uğurla çıxdı”.
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.