...

Əmtəəşünaslıq məktəbinin banisi Əli Həsənovun 80 illik yubileyi keçirilib (FOTO)

İqtisadiyyat Materials 28 Dekabr 2017 18:17 (UTC +04:00)
UNEC-də görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Həsənovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Əmtəəşünaslıq məktəbinin banisi Əli Həsənovun 80 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Həsənovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, yubiley tədbirində “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənovun müəllifi olduğu kitablar nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov yubilyarın pedaqoq və alim kimi səmərəli fəaliyyətindən danışıb, onun 80 illik həyatının müdriklik və zənginliklə birləşdiyini vurğulayıb. Rektor Ə.Həsənovu taleyini özü formalaşdıran, həyatın verdiyi imkanlardan bacarıqla bəhrələnən, mübariz, qorxmaz insan, həyata nikbin baxan müdrik ağsaqqal kimi xarakterizə edib. UNEC-də ağsaqqal tövsiyəsinə daim xüsusi önəm verildiyinə diqqət çəkən Ə.Muradov universitetin bütün nailiyyətlərində yubilyarın rəhbərlik etdiyi Ağsaqqallar Şurasının özünəməxsus yeri olduğunu vurğulayıb. İqtisadçı alimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayan rektor, professorun 80 illik yubileyi münasibətilə UNEC-in Fəxfi Fərmanı ilə təltif olunduğunu bildirib.

Tədbirdə professor Əli Həsənova “Yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında uzunmüddətli, səmərəli elmi-pedaqoji fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə” Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olunub.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə UNEC professoru Ə.Həsənovun alim kimi universitetin, eləcə də ölkənin ictimai həyatında fəal rol oynadığını bildirib. O, görkəmli alimin gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, səmərəli elmi-pedaqoji fəaliyyəti və geniş ictimai fəaliyyəti nəzərə alınaraq ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin təqdimatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə komitəsinin qərarı ilə “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif olunduğunu qeyd edərək, mükafatı alimə təqdim edib.

UNEC-in professoru, millət vəkili Xanhüseyn Kazımlı, professorlar Hidayət Cəfərov, Maarifə Hacıyeva, fakültə dekanları, yubilyarı yaxından tanıyanlar onu fədakar elm adamı kimi xarakterizə ediblər, Əli Həsənovu ölkədə əmtəəşünaslıq məktəbinin banisi və himayədarı adlandırıblar. Çıxış edənlər yubilyarın yüksək insani keyfiyyətlərindən danışıb, əsl alim və əsl insan ömrü yaşamış Ə.Həsənovun həyatının, əməllərinin gənc nəsil üçün layiqli örnək olduğunu vurğulayıb, onunla bağlı xoş və unudulmaz xatirələrini söyləyiblər.

Tədbirdə professorun ömür yolu və pedaqoji fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri musiqi ifa edib, şeirlər səsləndiriblər.

Sonda professor Əli Həsənov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, 55 illik pedaqoji fəaliyyəti ərzindəki təəssüratlarını onlarla bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti