Bakı. Samir Əli - Trend:
Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq. 2.5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ü umi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.
Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün lazımi qalınlıqda çınqıl materialı yola döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə isə yolun yüksək keyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 15 min m2-dən çox sahədə aparılacaq.
Hazırlanan tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 3 yerdə suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yüksək keyfiyətlə apardığı işlər imkan verir ki, yaxın gələcəkdə yol boyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, insanların təhlükəsizliyi təmin olunsun. Çünki avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan bütün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılmaqla yeni və müasir yol infrastrukturu yaradılmış olacaq.