...

Beynəlxalq şirkət Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlığın inkişafında maraqlıdır (FOTO)

İqtisadiyyat Materials 26 Yanvar 2018 13:10 (UTC +04:00)

Bakı. Trend:

Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

QSC-dən Trend-ə verilən məlumata görə, gəmiçiliyin rəhbərliyi ilə görüşdə qonaqlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.

Görüşdə “Columbia Shipmanagement Ltd” şirkəti tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xidmətlərindən istifadə olunması, o cümlədən, Gəmiçiliyin Təlim Tədris Mərkəzində əcnəbi dənizçilər üçün təlimlərin təşkili, həmçinin Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Şirkətin sədri Henrix Şuller ikitərəfli əməkdaşlığın artan xətt üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın qədim dənizçilik ənənələrinə və gəmiçilik sahəsində güclü potensiala malik olduğunu diqqətə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev rəhbəri olduğu qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Sonra xarici şirkətin nümayəndələri Bakı Gəmiqayırma Zavodunda olublar. Qonaqlara zavodun istehsal gücü haqqında məlumat verilərkən bildirilib ki, regionun ən böyük gəmiqayırma müəssisəsi Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqlarla təchiz edilib. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Hazırda müəssisədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, iki “RoPax” tipli unikal gəmi-bərənin və iki neft tankerinin tikintisi uğurla davam etdirilir.

Həmçinin, zavodda inşa edilən gəmilərin, o cümlədən dünyada unikal hesab olunan “Xankəndi” gəmisinin tikintisi prosesini əks etdirən videoçarx da nümayiş olunub. Bildirilib ki, bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

“Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “AXDG” QSC-nin Təlim Tədris Mərkəzinə (TTM) də baş çəkiblər. TTM-nin müasir standartlara cavab verən təlim hovuzuna baxış keçirilib. Hovuz “Bütün dənizçilər üçün ilkin hazırlıq və təlimat” məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub.

Mərkəzdəki müasir trenajor və sumulyator otaqları ilə də yaxından tanış olan qonaqlara bildirilib ki, hazırda TTM dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır. Dinamik Mövqe Saxlama Simulyatoru dənizçilərin bilik və bacarıqlarının yoxlanılması üçün istifadə olunan sınaq məşğələ trenajorudur.

Qeyd edək ki, “Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan şirkət ətraf mühitin qorunmasına da xüsusi diqqət ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti