Bakı. Azad Həsənli - Trend:
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ötən il bölgələrdə 4,5 milyard manat sərmayə qoyulub.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2017-ci ildə qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, həmçinin ümumilikdə bölgələrin inkişafı üzrə tədbirlər davam etdirilib.
Ş.Mustafayev hesab edir ki, bu Dövlət Proqramı regionların xarici görkəmini kökündən dəyişib.
Sahibkarlığın dəstəklənməsi üçün tədbirlərdən danışan nazir xatırladıb ki, ixracın təşviqi mexanizmi çərçivəsində sahibkarlar təqribən 3 milyon manat subsidiya alıblar: "Həmçinin sahibkarlıq sahəsində yoxlamalar xeyli azaldılıb. Ötən il cəmi 83, yoxlamaların dayandırılmasından etibarən isə 153 yoxlama aparılıb".
O bildirib ki, 2017-ci ildə 177 min yeni iş yeri yaradılıb: "Sahibkarlar 1646 lisenziya əldə ediblər".