...

Səyyar ASAN xidmət yeni məntəqələrdə

İqtisadiyyat Materials 7 May 2018 10:12 (UTC +04:00)

Bakı. Trend:

Səyyar ASAN xidmət yeni məntəqələrdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, 20 aprel-19 may Şirvan şəhərində, 23 aprel-7 may Binə qəsəbəsində, 1-5 may Ağdaş, Qovlar şəhərlərində, 1-25 may Şabran rayonunda, 1-30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7-26 may Ağstafa rayonunda, 8 may-6 iyun Xırdalan şəhərində, 10 may-9 iyun İmişli rayonunda, 11-25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstəriləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti