Bakı. Trend:
BP-nin təchizat zəncirində Azərbaycanın kiçik və orta biznes (KOB) sektorunun iştirakının genişlənməsində maraqlıyıq.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov BP ilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
O.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafı məqsədilə hazırkı dövrün çagırışları əsasında ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə kiçik və orta biznes sektorunun inkişafı həmişə bu siyasətin mərkəzində yer alıb. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəetmənin müasir tələblər səviyyəsində təşkili zərurəti ilə şərtlənib:
"Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, Agentlik dövlət başçısının mühüm tapşırıqlarının icrası istiqamətində önəmli tədbirlər həyata keçirib, bir sıra strateji layihələrin icrasına başlayıb. Bu layihələrin icrası yeni idarəetmə modellərinin tətbiqi ilə müşayiət edilməkdədir. Kiçik və orta biznesə xidmətlərin və icazələrin vahid məkan prinsipi əsasında təşkilini nəzərdə tutan KOB Evlərinin təşkili, fəaliyyətimizin sahibkar ehtiyacları əsasında qurulmasında və dövlət-sahibkar dialoqunun inkişafında əhəmiyyətli rol oynayacaq KOB Dostları şəbəkəsinin yaradılması, sahibkarlığa dəstək istiqamətində yeni təşkilati modellərin tətbiqi, yeni dövrün tələblərinə uyğun konsaltinq və təlim sisteminin qurulması əsas strateji layihələrimizdəndir.
Fəaliyyətimizin sahibkarlar, onların ictimai birlikləri, aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq platformaları əsasında qurulmasına xüsusi önəm veririk. Bu baxımdan ölkə iqtisadiyyatında xüsusi yeri və rolu olan BP-ni strateji tərəfdaşımız olaraq görürük. Heç kimə sirr deyil ki, fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə davamlı inkişaf təşəbbüslərini dəstəkləyən, bu sahənin inkişafı üzrə dövlət siyasəti ilə uzlaşan önəmli və uğurlu layihələrin icrası ilə BP KOB sektorunun inkişafına əhəmiyyətli töhfə verib. Xüsusi olaraq, BP şirkətinin dəstəyi ilə həyata keçirilən Sahibkarlığın İnkişafı Proqramını vurgulamaq istərdim".
Agentliyin rəhbəri bildirib ki, bu gün imzalanacaq əməkdaşlığa dair memorandum bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi üçün əsas yaradacaq:
"Ölkəmizə investisiya qoyuluşu üzrə lider olan BP, eyni zamanda, KOB sektorunun əsas sifarişçilərindən biri hesab olunur. Bu baxımdan BP-nin təchizat zəncirində ölkəmizin KOB sektorunun iştirakının genişlənməsində maraqlıyıq və bu istiqamətdə KOB-ların potensialının artırılması üçün zəruri dəstəklərin həyata keçirilməsi hədəflərimiz sırasındadır. BP şirkəti fəaliyyət göstərdiyi ölkələrdə sosial məsuliyyət tədbirlərinə xüsusi önəm verən fəaliyyəti ilə də tanınır. Bu baxımdan BP ölkəmizdə bu prinsiplərin tətbiqinə nümunə olacaq bir fəaliyyət sərgiləməkdədir.
Əminəm ki, bugünkü tədbir çərçivəsində BP ilə Agentliyimiz arasında imzalanacaq kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu yeni təşəbbüslərin reallaşdırılması üçün daha möhkəm platforma formalaşdıracaq. Hesab edirəm ki, növbəti dövrlərdə BP şirkəti ilə birgə əməkdaşlıq əsasında ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı və klasterləşmənin təşiviqi üçün prioritet istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik".