...

ÜGT-nin Baş katibi logistika və gömrük müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)

İqtisadiyyat Materials 15 Yanvar 2019 17:45 (UTC +04:00)
ÜGT-nin Baş katibi Bakı şəhərində logistika və gömrük müəssisələrinin fəaliyyətilə tanış olub
ÜGT-nin Baş katibi logistika və gömrük müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)

Bakı. Trend:

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycana rəsmi səfəri çərçivəsində Abşeron Logistika Mərkəzi, Bakı Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının fəaliyyəti ilə tanış olub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Abşeron Logistika Mərkəzində qonağa məlumat verilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən bu mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Müəssisənin açılış mərasimi 2018-ci ilin avqustunda Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “bir pəncərə” sistemi ilə həyata keçirilir.

Diqqətə çatdırılıb ki, müəssisənin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi də var.

Sonra qonaq Bakı Baş Gömrük İdarəsində idarənin iş prinsipi, rəsmiləşdirmə proseduru ilə tanış olub.

Məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binası 2016-cı ilin mayında istifadəyə verilib. Binada gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Burada “Hədəf” Mərkəzi də fəaliyyət göstərir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində isə qonağa gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib.

Daha sonra K.Mikuriya Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına gəlib. Qonağa bu səhiyyə ocağının üstün imkanları barədə məlumat verilib, eləcə də hospitalın 10 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bütün müəssisələrin fəaliyyətilə yaxından tanış olan ÜGT-nin Baş katibi yaradılan imkan və şəraiti yüksək dəyərləndirib, məmnunluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti