...

ÜGT və Azərbaycan Gömrük Xidməti arasında əlaqələr müzakirə edilib

İqtisadiyyat Materials 29 Yanvar 2019 23:05 (UTC +04:00)
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) potensialın gücləndirilməsi üzrə direktor müavini, xanım Brenda Mundiya ilə görüşüb.
ÜGT və Azərbaycan Gömrük Xidməti arasında əlaqələr müzakirə edilib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) potensialın gücləndirilməsi üzrə direktor müavini, xanım Brenda Mundiya ilə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev Azərbaycan gömrük xidmətinin ÜGT ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkaşlığın hazırkı vəziyyətindən razılıqla söhbət açıb.

ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Komitə sədri gələcəkdə də belə tədbirlərin Azərbaycanda keçiriləcəyinə, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb və qeyd edib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.

S.Mehdiyev müstəqil Azərbaycan gömrüyünün təkmil bir struktura çevrildiyini, gömrük sistemində kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Səmimi qəbula görə S.Mehdiyevə təşəkkür edən ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya Azərbaycana növbəti səfərindən, eləcə də Bakı şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclasında iştirakından məmnunluğunu bildirib.

Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb. Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində uğurlu təcrübə nümayiş etdirdiyini bildirən ÜGT rəsmisi şəffaflığın təmin olunması sahəsindəki bu təcrübəni ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti