...

Azərbaycan, Gürcüstan və Türkiyə gömrük nümayəndələri arasında işçi görüşün vaxtı məlum olub (FOTO)

İqtisadiyyat Materials 28 Mart 2019 15:08 (UTC +04:00)

Bakı. Trend:

Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib. Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin iştirak etdiyi görüşdə Gürcüstanı Gəlirlər Xidmətinin Baş direktoru Vaxtanq Laşkaradze, Gömrük Departamentinin rəhbəri Mamuka Djanqulaşvili və müavini Kaxaber Baramia təmsil ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi ilə bağlı Azərbaycan və Gürcüstanın birgə regional layihəsi müzakirə olunub, tərəflər NCTS-yə üzvlük istiqamətində görülən işlər barədə məlumat veriblər.

Eyni zamanda Azərbaycan və Gürcüstan arasında həyata keçirilən dəmir yolu ilə daşımalarda mövcud vəziyyət, perspektiv və qeyd olunan daşımalar zamanı gömrük məsələləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında imzalanan müvafiq sazişlərə əsasən Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə neft məhsullarının tranzit daşımaları zamanı gömrük orqanları tərəfindən tələb edilən zəmanət məktubunun elektron şəkildə təqdim edilməsi müzakirə edilib və bunun tranzit daşımaların sürətləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində yeni “İpək Yolu - Abreshumis Gza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair məsələlər də müzakirə mövzusu olub. Bununla əlaqədar saziş layihəsinin imzalanmasından sonra sazişin müddəalarına əsasən zəruri mexanizmin icrası üçün müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib. Gürcüstan gömrük xidmətinin nümayəndələri layihənin icrasına Asiya İnkişaf Bankının maliyyə dəstəyi göstərəcəyini bildirib.

Daha sonra görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalarda yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə dair fikir mübadiləsi aparılıb, bu il aprelin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüşün keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti