...

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 99 faizdən çox icra olunub

İqtisadiyyat Materials 19 Aprel 2019 14:56 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 5439,7 milyon manat, xərcləri 5035,9 milyon manat olub, 403,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5439,7 milyon manat və ya 99,1 faiz icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və yaxud 1155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2019-cu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1014,1 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 milyon manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 dəfə və yaxud 22,3 milyon manat çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 2615,0 milyon manat vəsait transfert edilib.

2019-cu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5035,9 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2104,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur.

2019-cu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2707,3 milyon manatı və ya 53,8 faizi cari xərclərə, 1984,4 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 milyon manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən cari ilin birinci rübündə 927,7 milyon manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 milyon manat vəsait yönəldilib.

2019-cu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 9192,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2129,2 milyon manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5076,9 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319,0 milyon manat və ya 6,7 faiz azdır.

İcmal büdcədə 4115,3 milyon manat artıqlıq (profisit) yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti