Bakı. Trend:
Berndə keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.
Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.