...

Azərbaycanda pambıq yığımı üçün son hazırlıq işləri gedir

İqtisadiyyat Materials 5 Sentyabr 2019 14:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Respublikada pambıq yığımına son hazırlıq işləri həyata keçirilir. Cari il ərzində pambıqçılıq rayonlarında əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edilib və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

“Aqrolizinq” tərəfindən pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi və fiziki şəxslər vaxtlı vaxtında texniki vasitələrlə, mineral gübrələrlə təmin edilib, xüsusilə də pambıq əkini həyata keçirildikdən sonra sahələrin pambıq sovkası və pambıq mənənəsi kimi zərərvericilərdən qorunmasını təmin etmək məqsədi ilə pestisid və insektisidlərin 70 faiz güzəştlə satışı həyata keçirilib. Eyni zamanda, əkin prosesini sürətləndirmək məqsədi ilə mexanizatorlar üçün sürücülük kursları təşkil olunub və kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim edilib.

Son hazırlıq işləri ilə əlaqədar olaraq, pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, şirkətlər və “Aqrolizinq” ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

Hazırda ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123 ədədi “Aqrolizinq” ASC-nin, 288 ədədi isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur. Cari ildə respublika üzrə 21 rayonda 100 111,7 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 240,8 hektarı hüquqi şəxslərə, 3 870,89 hektarı fiziki şəxslərə məxsusdur.

Yığım mövsümündə pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi şəxslərə pambıq yığımını vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün regional nümayəndəliklərimizin və rayon bölmələrimizdən 123 ədəd pambıqyığan kombaynın işlərə cəlb edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, artıq pambıqçılıq rayonlarında becərmə ilə bağlı bütün proseslər başa çatdırılıb və yığıma hazırlıq prosesi gedir. İlkin olaraq, pambıqyığan kombayna məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə başlanılıb. Belə ki, yığımdan əvvəl pambıq kollarında yarpaqlarının tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar yığıma başlayır.

Hazırda “Aqrolizinq" ASC-nin rayon bölmələrinin gübrə anbarlarında biostimulyatorlar, defolyasiyanı həyata keçirmək üçün defolyantlar dövlət tərəfindən müəyyən edilmiş 70 faiz güzəştlə pambıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə satışı həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti