Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ilin yanvar-avqust aylarında Azexport.az portalına 399,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında ixrac sifarişləri 8,8 faiz artıb. 2019-cu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 milyon ABŞ dolları təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 2,3 faizlik artım qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.
2019-cu ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%) və İngiltərə (5,2%) qərarlaşıb.
Bu ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 avqust tarixinə kimi (32 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 388 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 7,7 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 99,4 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
2019-cu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,2 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 milyon manat təşkil edib.