Bakı. Trend:
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda 17 dekabr 2019- cu il Baki şəhərində beynəlxalq konfrans keçirilib. Eyni mövzuda 19 dekabr 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Biznes Mərkəzində regional seminar keçirilib.
Hər iki tədbirdə “Karvan-L” MMC-nin İcraçi direktoru Rəna Qəfərova "Bilik mübadiləsi - Özəl sektor və DİM-lər - Region üzrə təcrübələr” panelində çixiş edib. Rəna Qəfərova DİM-nin öz fəaliyyətlərində tətbiqi ilə bağli təcrübələri ilə bölüşüb.
Xüsusən Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13,14 və 15-ci məqsədlərə toxunub. Qeyd olunan məqsədlər məhz ekoloji tarazlığın qorunması ilə bağlı olan məqsədlərdir.
Rəna Qəfərovanin çıxışı:
"Bu gün özəl sektor ekoloji təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Hər iki sənədin əsas strateji məqsədlərindən biri mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaqdan ibarətdir. Bu istiqamətdə dünya təcrübəsinin təhlili göstərir ki, müasir dövr üçün xüsusilə aktual olan ekoloji təmiz kənd təsərrüfatı nəzəri və praktiki yanaşma olaraq seçilmişdir. Bu baxımdan ölkəmiz üçün ən mühüm strateji sənədlərdən biri olan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi mühüm vəzifə olaraq qarşıya qoyulmuşdur. Hazırda aqrar sektorda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı ciddi irəliləyişlər müşahidə olunmaqdadır.
“Karvan-L” MMC olaraq biz də neçə ildir fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq.
Şirkətə məxsus olan orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi müasir səviyyədə qurulub. 4 ha sahədə olan istixanada əsasən pomidor yetişdirilir. İstehsal edilən məhsul daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxarılır. Bu gün istehsalımızı genişləndirmək, ənənəvi bazarlarda fəaliyyətimizin gücləndirilməsi, yeni bazarların araşdırılması istiqamətində işlərimizi davam etdiririk.
Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasında, ekoloji təmiz məhsul istehsalında, “yaşıl iqtisadiyyat”ın inkişafında Azərbaycan dövlətinin yaratdığı əlverişli şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə böyük imkanlar açır".
.