...

Azərbaycanda aqrar sektorda yeni risklərin idarə edilməsi sistemi tətbiq ediləcək

İqtisadiyyat Materials 8 Mart 2020 08:00 (UTC +04:00)
FINCA Azərbaycan hazırda CLARA layihəsi çərçivəsində aidiyyəti qurumlarla danışıqlar aparır
Azərbaycanda aqrar sektorda yeni risklərin idarə edilməsi sistemi tətbiq ediləcək

Bakı. Fidan Babayeva - Trend:

FINCA Azerbaijan hazırda CLARA layihəsi çərçivəsində aidiyyəti qurumlarla danışıqlar aparır və yaxın zamanlarda kreditləşmə prosesini sürətləndirmək üçün bu proqramdan yararlanmağı planlaşdırır.

Bu barədə Trend-ə FINCA Azerbaijan şirkətinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Zəka Quluyev deyib.

Onun sözlərinə görə, xüsusi olaraq kənd təsərrüfatı sektoruna kredit verilməsi üçün hazırlanmış CLARA sistemi şirkətə edilən müraciətlərin yüksək keyfiyyətli təhlilini təmin edəcək.

O vurğulayıb ki, FINCA Azerbaijan bu gün yeni bir FinCard sistemini tətbiq edir, bunun vasitəsilə müştəri kredit məbləğini kartdan çıxarır. Pulunu qismən və ya birdəfəlik götürmək, habelə müxtəlif nağdsız ödənişlər üçün bu məbləğdən istədiyi şəkildə istifadə edə bilər:

"Şirkətimiz ASAN maliyyə sisteminə qoşulmuşdur və müştərilər üçün daha əlçatan məlumatlar təqdim edir. Bu rəqəmsal həll bizə müştərilərimizə daha yaxın olmağa və sürətli kredit qərarlarını qəbul etməyə imkan verir".

Z.Quluyev qeyd edib ki, FINCA Azerbaijan 2019-cu ildə 7 mindən çox müştəriyə mikrokredit verib. Göstərilən müddət ərzində müştərilərə 15 milyon manatdan çox vəsait daxil olub ki, bunun da 75 faizdən çoxu kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanlara ayrılıb:

"FINCA Azerbaijan yarandığı gündən bəri 1 milyard dollardan çox məbləğdə kredit verib. Bu ehtiyatlar paytaxt və bölgələrdə kiçik və orta sahibkarlığı dəstəkləmək üçün sərf edilib".

Xatırladaq ki, FINCA International Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Bakıda və bölgələrdə şirkətin 16 filialı fəaliyyət göstərir. O, az gəlirli müştərilərə fəaliyyətlərini genişləndirmək üçün innovativ, məsuliyyətli və əsaslı maliyyə xidmətləri göstərən 20 mikromaliyyə təşkilatı və banklarından ibarət FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

Ölkənin aparıcı mikromaliyyə təşkilatı olan FINCA Azerbaijan kiçik biznesin gəlirlərini artırmağa həvəsləndirmək üçün müxtəlif kredit məhsulları təklif edir. Şirkət aqrar kreditlərə daha çox önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti