...

Neftçi olmaq istəyirdi, inşaatçı oldu...

İqtisadiyyat Materials 25 Avqust 2020 12:00 (UTC +04:00)
Neftçi olmaq istəyirdi, inşaatçı oldu...

Bakı. Trend:

Dilimizdə bir gözəl deyim var: “18 il bir igidin ömrüdür” deyirlər. Başqa bir deyimimiz, daha doğrusu, alqışımız isə “Evin tikilsin”dir. Bir igidin ömründən də çox müddətdə - 19 ildir ev tikməklə məşğul olan Təhsin ustanı Ağsuda hamı tanıyır desək, yanılmarıq. Əslində haqqında söhbət açacağımız usta tikilən evlərə bəzək vurmaqla məşğuldur. Tikintinin kafel-metlax, üzlük döşənməsi sahəsində zərgər dəqiqliyi ilə işləyən Təhsin Qırxlarov Ağsuda fəaliyyət göstərir. Saysız-hesabsız binalara, obyektlərə kafel-metlax və daş üzlük vuran Təhsin ustanın işindən narazılıq yoxdur. O, müştərilərinin hər bir sifarişini can-başla və yüksək keyfiyyətlə yerinə yetirir. Ağsuda adlı-sanlı ustadır.

Belə bir təqdimatdan sonra yəqin ki, çoxlarında onun usta ailəsində gözünü açdığı, bu sənətə lap uşaq yaşlarından sahibləndiyi haqda təəssürat yarandı. Lakin özünün də dediyi kimi, Təhsin usta əslində riyaziyyatçı ailəsində dünyaya göz açıb: “Memarlıq haqda heç vaxt düşünməmişəm. Ailəmizdə, yaxın qohumlar arasında bu işlə məşğul olan adam yoxdur. Mənim arzum Neft Akademiyasında təhsil almaq olub. Lakin müəyyən səbəblərdən bu arzum baş tutmayıb. Sonradan özüm müxtəlif ustaların yanında çalışmağa başladım və iş elə gətirdi ki, məhz bu işi daha dərindən öyrəndim. Ən müxtəlif cür sifarişlər alıram. Müştərilərimizin zövqləri fərqli olur. Lakin götürdüyüm bütün sifarişləri yüksək səviyyədə yerinə yetirməyə çalışıram, sevindirici haldır ki, buna nail ola bilirəm. Görünür, mənim işim həqiqətən təqdirəlayiqdir ki, Norm Ustalar Klubuna üzv edilmişəm. Yeri gəlmişkən, bunun üçün də Norm Ustalar Klubu layihəsinin müəlliflərinə təşəkkür edirəm”.

Təhsin ustanı peşəsinə bağlayan başlıca məqamlardan biri bu işi yaxşı bacarması və nəticədə hər zaman təqdir edilməsidir: “Əslində, desəm ki, bu sənətə həddən artıq bağlıyam, yalan olar. Bildiyiniz kimi, tikinti ağır fiziki güc tələb edən işdir. Heç bir sahəsi yüngül deyil, yorucudur. Amma bütün bunlara baxmayaraq, hər dəfə gördüyüm işdən sonra eşitdiyim razılıq məni işimə bağlayır, bütün yorğunluğumun çıxmasına səbəb olur”. Əvvəllər tikintinin başqa sahələrini də öyrənmək arzusunda olsa da, hazırda gördüyü işlə kifayətlənib. Buna səbəb isə həmin işə olan tələbat və özünün də bu sahədə daha yaxşı uğur qazana bilməsidir.

“Ailəm ziyalı ailəsidir, ən böyük nailiyyətimiz budur” - deyən Təhsin bəyin övladlarından gözləntisi çoxdur: “İstərdim övladlarım hansısa sahədə böyük uğur qazansınlar. Bunun üçün daim çalışacam. Onlar hələ körpədirlər, ilk növbədə yüksək təhsil almalarını istəyirəm. İdman, mədəniyyət, incəsənət sahəsinə hansının həvəsi olsa arxasında dayanacam ki, nailiyyətləri olsun”.

T.Qırxlarovun bir gözəl arzusu da var. Deyir ki, ən gözəl xəyalları işğaldan azad edilmiş ərazilərimizdə evlər tikib təmir etməkdir: “Oralarda təmənnasız işləməyə hazıram. Təki torpaqlarımız düşmən tapdağından azad edilsin, gözəl Qarabağda, Şuşada tikinti aparmaq, oraları abadlaşdırmaq bizlərə nəsib olsun!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti