Bakı. Elnur Bağışov - Trend:
Vaşinqtonun Tehrana qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, İranla Azərbaycan arasında ticarət münasibətləri artdı ki, bu da İran tərəfindən müsbət qiymətləndirilir.
Bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert İlyas Vahedi deyib.
İ.Vahedinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionu, Qara dəniz və Xəzər dənizi bölgələrində ən əhəmiyyətli ölkələrdən biridir.
“Əslinə baxsaq, İran-Azərbaycan münasibətləri təkcə ikitərəfli alış-veriş deyil, həm də müştərək investisiya və istehsal layihələri, regional və beynəlxalq ticarət sazişləri vasitəsilə daha da genişlənərək inkişaf edə bilər. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və bir neçə ölkəni bir-birinə bağlaya və iqtisadi əməkdaşlığı qat-qat artıra bilər”.
İranlı ekspert əlavə edib ki, bundan başqa, İran da cənub istiqamətində Azərbaycanın beynəlxalq sulara açılan qapısıdır. İran Azərbaycanı Yaxın Şərqə, Hind Okeanına və Afrika qitəsinə bağlaya bilər.
İ.Vahedi qeyd edib ki, son 2-3 il ərzində hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətində müzakirələr aparılır ki, bu prosesi müsbət qiymətləndirmək olar. Çünki bu, hər iki iki ölkə və region üçün mühümdür.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının məlumatına əsasən, ötən ilin martından bu ilin martınadək İran Azərbaycana 429 milyon dollar dəyərində məhsul ixrac edib.